Azərbaycanda nağdsız ödənişlər 29 % artıb
- 21 fevral, 2022
- 14:03
Ötən il Azərbaycanda bank kartları ilə 38 milyard manatlıq ödəniş aparılıb ki, bu da 2020-ci il ilə müqayisədə 29 % çoxdur.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə İllik İcmalda bildirilir.
Sənəddə həmçinin deyilir ki, illlik kart ödənişlərinin 11,5 milyard manatlıq hissəsi nağdsız ödənişlərdir. Bu isə 1 il əvvələ nisbətən 79,6 % çoxdur.
Son 1 ildə ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 22,7 faiz bəndi artaraq 31,8 %-ə çatıb.
Ümumiyyətlə, hesabat dövründə kartla aparılan hər 100 manatlıq əməliyyatın 30,3 manatı nağdsız, 69,7 manatı isə nağd olub.
Kartlarla nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. Hesabat dövründə elektron ticarət əməliyyatlarının sayı 57,5 % artaraq 110 milyon ədəd, ümumi məbləği isə 81 % artaraq 7,5 milyard manat olub.
2021-ci ildə təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 105 milyon ədəd, ümumi məbləği isə 80 % artaraq 3,9 milyard manat təşkil edib. POS-terminallarla aparılan təmassız ödənişlərin sayı və ümumi məbləği 1 il əvvəlki göstəriciləri müvafiq olaraq 3,8 dəfə artaraq 71,8 milyon ədəd, həcmi isə 5,2 dəfə artaraq 2,6 milyard manat olub.