Azərbaycanda könüllü sığorta bazarı 28 %-dən çox artıb
- 12 avqust, 2023
- 07:02
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 470,656 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,3 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 174,824 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 34,2 % çoxdur.
Beləliklə, 6 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 35,5 manat olub.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 648,945 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 32 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 225,032 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,6 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 35,6 manat olub.