Azərbaycanda könüllü sığorta bazarı 17 %-dən çox böyüyüb
- 26 iyun, 2024
- 05:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 481,888 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,3 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 220,316 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 65,2 % çoxdur.
Beləliklə, 5 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 45,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 32,5 manat olub.
Xatırladaq ki, yanvar-may aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 643,754 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,65 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274,837 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 57,6 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,8 manat olub.