Azərbaycanda könüllü sığorta bazarı 11 %-dən çox böyüyüb
- 30 mart, 2024
- 07:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 191,047 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 79,823 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 51,8 % çoxdur.
Beləliklə, 2 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 41,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 30,7 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 239,719 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 97,434 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,2 % çoxdur.
Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 31,9 manat olub.