Azərbaycanda icbari sığorta bazarı təqribən 43 % artıb
- 12 avqust, 2023
- 07:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 178,289 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 42,7 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 50,208 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 12,4 % çoxdur.
Beləliklə, 6 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 28,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 35,8 manat olub.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 648,945 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 32 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 225,032 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,6 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 35,6 manat olub.