Azərbaycanda icbari sığorta bazarı 6 %-ə yaxın böyüyüb
- 02 avqust, 2025
- 10:29
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 194,683 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 68,325 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 10,9 % çoxdur.
Beləliklə, 6 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 35,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 33,5 manat olub.
Xatırladaq ki, bu ilin I yarısında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 817,048 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 432,198 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4 % çoxdur.
Ötən 6 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,1 manat olub.