Azərbaycanda icbari sığorta bazarı 5 % böyüyüb
- 28 may, 2024
- 07:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 132,440 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 42,371 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 32 % çoxdur.
Beləliklə, 3 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 32 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 25,5 manat olub.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 542,841 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.