Azərbaycanda icbari sığorta bazarı 43 % böyüyüb
- 26 avqust, 2023
- 06:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 202,514 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,8 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 61,651 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 13,4 % çoxdur.
Beləliklə, 7 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 30,4 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 38,3 manat olub.
Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 761,801 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 31,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 282,977 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 17,4 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,5 manat olub.