Azərbaycanda icbari sığorta bazarı 42 % böyüyüb
- 21 aprel, 2023
- 06:50
Bu ilin yanvar-mart aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 91,554 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 42,1 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 24,072 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 7,8 % çoxdur.
Beləliklə, I rübdə icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 26,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 34,7 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 346,91 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 34,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 102,29 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 67,1 % çoxdur.
3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 23,7 manat olub.