Azərbaycanda icbari sığorta bazarı 3 % böyüyüb

Maliyyə
  • 28 may, 2025
  • 10:10
Azərbaycanda icbari sığorta bazarı 3 % böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 136,61 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 44,277 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 4,5 % çoxdur.

Beləliklə, 4 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 32,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 32 manat olub.

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 588,466 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 231,333 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,4 % çoxdur.

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.