Azərbaycanda icbari sığorta bazarı 11 %-ə yaxın böyüyüb
- 01 mart, 2025
- 13:31
Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta növlərinin hesabına 23,057 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 10,104 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22,7 % çoxdur.
Beləliklə, ay ərzində icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 43,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 39,6 manat olub.
Qeyd edək ki, yanvar ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 163,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 47,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,8 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,1 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 27,9 manat olub.