Azərbaycanda həyat sığortası bazarı 30 %-dan çox böyüyüb
- 04 mart, 2023
- 08:02
Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 38,692 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30,3 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 3,96 dəfə artaraq 19,852 milyon manata çatıb.
Beləliklə, 2022-ci ilin yanvar ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 51,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin eyni dövründə 16,9 manat olub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 133,948 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 35,168 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,1 dəfə çoxdur.
Yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26,3 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 14,1 manat olub.