Azərbaycanda həyat sığortası bazarı 30 % böyüyüb

Maliyyə
  • 28 oktyabr, 2023
  • 11:58
Azərbaycanda həyat sığortası bazarı 30 % böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 481 milyon 497 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30,4 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 24,9 % artaraq 223 milyon 047 min manata çatıb.

Beləliklə, həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin 9 ayında 48,4 manat olub.

Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 937,238 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 28,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,387 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,7 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,6 manat olub.