Azərbaycanda həyat sığortası bazarı 26 % böyüyüb
- 27 yanvar, 2024
- 10:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda həyat sığortası növlərinin hesabına 629 milyon 244,3 min manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 26,1 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 20,4 % artaraq 298 milyon 736,5 min manata çatıb.
Beləliklə, həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 47,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ildə 49,7 manat olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % çoxdur.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Bir il qabaq bu göstərici 44,6 manat olub.
Qeyd edək ki, ötən il Azərbaycanda sığorta şirkətlərinin sayı 3 illik fasilədən sonra azaldı. AMB “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin lisenziyalarını ləğv edib. Onlar bazarı könüllü – özlərinin müraciəti əsasında tərk edib. Bununla da, ölkədə sığorta şirkətlərinin sayı 20-dən 18-ə düşüb.