Azərbaycanda həyat sığortası bazarı 23 % böyüyüb
- 30 mart, 2024
- 08:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 100,749 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 60 % artaraq 60,627 milyon manata çatıb.
Beləliklə, 2 ay ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 60,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 46,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 239,719 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 97,434 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,2 % çoxdur.
Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 31,9 manat olub.