Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 47 % artıb
- 30 mart, 2024
- 09:15
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əmlak sığortası üzrə 39,726 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 5,424 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 47,3 % çoxdur.
2 ay ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 13,7 manatı ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 10,3 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 239,719 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 97,434 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,2 % çoxdur.
Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 31,9 manat olub.