Azərbaycanda bank kartları ilə ödənişlər 56 %-dən çox artıb
- 14 fevral, 2023
- 07:55
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycanda bank kartları ilə 56,4 milyard manat ödəniş edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 56,4 % çoxdur.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Sənədə əsasən, illik ödənişlərin 24,4 milyard manatlıq hissəsi nağdsız ödənişlərdir. Bu isə 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.
İl ərzində ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 11,4 faiz bəndi artaraq 43,2 %-ə çatıb.
Kartlarla nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. Hesabat dövründə elektron ticarət əməliyyatlarının sayı 2,4 dəfə artaraq 261 milyon ədəd, ümumi məbləği isə 2,5 dəfə artaraq 18,5 milyard manat olub.
Hesabat dövründə təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı 89,4 % artaraq 199 milyon ədəd, ümumi məbləği isə 47,7 % artaraq 5,8 milyard manat təşkil edib. O cümlədən POS-terminallarla aparılan təmassız ödənişlərin sayı illik müqayisədə 2,6 dəfə artaraq 183,2 milyon ədəd, ümumi məbləği isə 2 dəfə artaraq 4,9 milyard manat olub.
Bildirilir ki, bu il yanvarın 1-nə Azərbaycanda 9,833 milyon ədəd təmassız bank kartı olub. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 31,4 % çoxdur.
2022-ci ilin sonuna təmassız kartlar bütün kartların 72,1 %-ni təşkil edib. Bu nisbət 2021-ci ilin sonuna 65,2 % olub.