Azərbaycanda 30-dan çox avtomobil modeli sığorta şirkətlərinin “qara siyahı”sına salınıb

Maliyyə
  • 03 noyabr, 2021
  • 10:27
Azərbaycanda 30-dan çox avtomobil modeli sığorta şirkətlərinin “qara siyahı”sına salınıb

Son günlər taksi fəaliyyəti ilə məşğul olan avtonəqliyyat vasitəsi sahiblərinin Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin onlara məxsus minik avtomobillərinin sığortalamaqdan imtina etmələri ilə bağlı şikayətləri artıb. Şikayətçilər iddia edir ki, sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalamaqda imtima etməsinə səbəb taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin risk qrupuna daxil olmasıdır.

İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində deyilir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

“Report”a açıqlama verən sığorta bazarı eksperti Əli Bayramov hesab edir ki, bu sığorta növü üzrə sığorta şirkətlərinin zərəri getdikcə artmaqdadır:

“Sığorta fəaliyyəti haqqında” Qanuna görə, İcbari Sığorta Bürosunun (İSB) üzvü olan, eyni zamanda həmin növ üzrə lisenziyası olan sığorta şirkəti əsla heç bir vətəndaşın avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalamaqdan imtina edə bilməz. Bu qanunda açıq-aydın yazılıb.

Sığorta şirkətlərinin imtinasının bir sıra səbəbləri var və artıq illərdir ki, eyni problem qalmaqdadır. Bildiyiniz kimi “İcbari sığortalar haqqında” Qanun 2011-ci ildə qəbul edilib və sığorta haqları, sığorta ödənişləri və digər qaydalar həmin dövrdə hesablanıb. Təəssüf ki, son 10 ildə bu kontekstdə heç bir iş aparılmayıb. COVID-19 pandemiyasının yaratdığı mövcud şəraitdə inflyasiyanın artması bu problemi daha da qabardıb və beləliklə sığorta şirkətləri artıq həmin növ üzrə zərərlə işləməyə başlayıb.

Orta sığorta haqqını 100 manat götürsək hər yığdıqları 100 manata görə 140-150 manat geri ödəniş edirlər. Bu o deməkdir ki, onlar artıq 40-50 % zərər edirlər. Anma dediyim kimi bu zərərlilik əsla onlara əsas vermir ki, sığortalamaqdan imtina etsinlər. Biz istəyirik ki, sığorta bazarı dayanıqlı və uzunmüddətli olsun. Buna görə də sığorta bazarına nəzarət edən qurum icbari avtomobil sığortasına yanaşmanı tamamilə yeniləmək üçün dövlət qarşısında məsələ qaldırmalıdır. Bu o deməkdir ki, böyük ehtimalla sığorta haqları qalxa və risk kriteriyaları olaraq yeni yanaşma tətbiq oluna bilər”.

Ekspertin fikrincə hökumət sığorta haqlarının dəyişdirilməsi üçün qanunvericiliyə yenidən baxmalıdır:

“Hazırda sığorta haqqı avtomobil mühərrikinin həcminə görə hesablanır. Amma xarici avtomobil istehsalçıları markalarını effektiv etməyə başlayıblar. Əgər əvvəllər onlar əsasən 3 000-4 000 kubsantimetr həcmində mühərriki olan avtomobillər istehsal edirdilərsə, indi 1 500-2 000 kubsantimetr mühərrikli avtomobillər daha yüksək at gücü ilə təmin olunurlar.

Deməyim ondadır ki, hər bir halda biz sığorta haqlarında dəyişikliyə doğru gedirik.

Bu imkan yaradacaq ki, sığorta şirkətləri zərərsiz işləməsinlər və müştərilərinə ödənişləri vaxtında edə bilsinlər".

Onun sözlərinə görə, bu gün sığortaçılarda taksilərin və xüsusilə seçilmiş avtomobillərin statistikası var: "Sığorta şirkətləri baxır ki, hansı avtomobillər onların portfellərinə çox ciddi zərər verir və başlayırlar həmin markalı avtomobilləri sığorta etməkdən imtina etməyə. Misal üçün, "Toyota Prius" kimi 30-dan çox avtomobil modeli var ki, onların da sığortalanmasından imtina edilir.

Bilirsiniz ki, artıq Azərbaycanda icbari sığortanın olub-olmamasını şəxslər deyil kameralar nəzarət edir. Yəni mənim avtomobilimin icbari sığortası yoxdursa onunla yola çıxdıqda avtomatik inzibati xəta tənbehi ilə üzbəüz qalacam. Ona görə də ölkədə belə avtomobillərin sayının artması fiaskoya səbəb olur".

Ə. Bayramovun fikrincə, çox təcili olaraq sığorta bazarına nəzarət qurum olaraq Mərkəzi Bank sığorta şərtləri, sığorta haqları və ödənişlərinə yeni yanaşma tətbiq etməlidir.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov isə “Report”a açıqlamasında sığorta şirkətlərinin nəqliyyat vasitəsi sahiblərinin avtomobillərini sığorta etmək istəməməsi ilə bağlı şikayətlərə rast gəldiyini bildirib:

“Qanunvericiliyə görə, bütün hallarda sığorta şirkətlərinə edilən müraciətlərdə onlar sığorta təminatını vermək məcburiyyətindədilər. Yəni hansısa klassifikasiya yoxdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası adından da göründüyü kimi icbaridir, əgər motorlu nəqliyyat vasitəsidirsə mütləq şəkildə sığortalanmalıdır. Mən də bəzən məlumatlar əldə edirəm ki, bəzi sığorta şirkətlərinə sığortalanmaq üçün müraciət edirlər, onlar da sığortalamaqdan imtina edir. Tamamilə qanunsuzdur. Qanunda açıq şəkildə yazılıb – nəqliyyat vasitəsi varsa onun sığortası olmalıdır. Həmin sığortanı da lisenziyaya malik İSB-nin üzvü olan sığorta şirkətləri həyata keçirməyə məcburdurlar.

Əgər belə bir müraciət varsa sığorta şirkəti onu geri çevirə bilməz. Geri çevirirsə vətəndaş nəzarət orqanına yəni Mərkəzi Banka şikayət məktubu ilə müraciət etməlidir. Bizə də bu halla bağlı müraciət edilə bilər. Biz də lazımi tədbirlərin görülməsi üçün müvafiq quruma müraciəti yönləndirə bilərik. Bu mövzuda məmnuniyyətlə vətəndaşın yanındayıq. İstədikləri zaman elektron informasiya sistemi üzərindən, info@isb.az elektron poçtu yaxud fiziki məktub vasitəsi ilə, həmçinin birbaşa fiziki olaraq da müraciət edə bilərlər. Biz də onların müraciətini birbaşa aidiyyəti nəzarət qurumuna yönəldəcəyik”.

Qeyd edək ki, sığorta şirkətlərinin "qara siyahısına" Hyundai, İsuzu, SAZ, Daewo modellərinin avtobusları, Gentra, Damas, Fiat, Kia, MG, Renault, Ravon, Saipa, Tofaş, Changan, Toyota, ZAZ, GELLY, Baic, Dong Feng, BMW, Mercedes Benz, Opel, Daewoo, Nexia və Lada avtomobil modellərinin bəzi növləri, qoşqu və yarımqoşqular, "London" taksiləri daxildi.

44 filmi