Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan və Rusiya gömrük orqanları arasında məlumat mübadiləsinin texniki şərtləri imzalanıb.
Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Sənədi oktyabrın 4-də Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin imzalayıblar.
Qeyd edək ki, sənəd 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında Protokol" çərçivəsində imzalanıb.