Bakı. 1 may. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinin sədri Hüseyin Özmen müqavilə müddətinin bitməsi ilə əlaqədar işdən ayrılıb. Bu barədə "Report"a bankdan məlumat verilib.
Bildirilib ki, hələ onun yerinə təyinat yoxdur. Sədrin vəzifələrini müvəqqəti olaraq sədrin birinci müavini Doğan Tandoğan icra edir.
Qeyd edək ki, D.Tandoğan iş fəaliyyətinə 1996-ci ildə Türkiyənin "Ziraat Bank”ında investisiya mütəxəssisi olaraq başlayıb. Müxtəlif bank və maliyyə təşkilatlarında, o cümlədən “Ziraat Bank” və “Akbank”da, Ukraynada “Credit Europe Bank”da, Azərbaycanda “Turanbank” və “YapıKredi Bank-Azerbaijan”da müxtəlif vəzifələrdə çalışıb. Azərbaycanda Dünya Bankının maliyyələşdirdiyi və Azərbaycan hökümətinin dəstəklədiyi "Kənd təsərrüfatının inkişafı və kredit Layihəsi”ni həyata keçirən "İcraçı Kredit Agentliyi"ndə departament direktoru vəzifəsində, həmçinin IFAD-ın maliyyələşdirdiyi və Azərbaycan hökumətinin dəstəklədiyi "Dağ və dağlıq rayonların İnkişaf Proqramı"nı icra edən "Mikromaliyyə Bank Olmayan Kredit Təşkilatı"nda müşavir vəzifəsində çalışıb. 2013-cü ildən “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavinidir.