Azərbaycan Mərkəzi Bankında (AMB) Fransa Sahibkarlar Təşkilatı - "MEDEF International"ın icraçı direktoru cənab Filip Qotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, görüş "MEDEF lnternational"ın 2019-cu ilin iyulunda ölkəmizə həyata keçirdiyi son səfərinin davamı olan işgüzar səfər çərçivəsində təşkil olunub.
Nümayəndə heyəti bəyan edib ki, Azərbaycanın əlverişli investisiya mühiti Fransa biznes subyektləri üçün də imkanlar açır və bu xüsusda post-pandemiya mərhələsində ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusən də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prioritetlərilə tanışlıq mühüm məsələlər kimi diqqəti çəkir.
"MEDEF International"ı 1989-cu ildə Fransa Biznes Konfederasiyası - MEDEF yaradıb, qeyri-hökumət təşkilatıdır və Fransanın ən böyük biznes federasiyasıdır. Təşkilat fransız şirkətlərinin nou-haularını kollektiv fəaliyyət vasitəsilə xaricdə təşviq etmək məqsədi daşıyır, xüsusilə də inkişaf etməkdə olan bazarlarda ticarət, texnologiya əməkdaşlığı və investisiya, uzunmüddətli tərəfdaşlığı dəstəkləyir.
Görüşdə pul siyasətinin əsas istiqamətləri, inflyasiya proseslərilə mübarizə tədbirləri, həmçinin bank-sığorta fəaliyyətində iştirak məsələləri müzakirə olunub və qarşıdakı dövrdə də qeyd olunan məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.