Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 26 milyard 410 milyon 568 min manat təşkil edib.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 3,6 % çoxdur.
AMB-nin aktivlərinin 17 milyard 362 milyon 276 min manatını borc qiymətli kağızları (illik müqayisədə 6,6 % az), 6 milyard 838 milyon 991 min manatını pul vəsaitləri və onların ekvivalentləri (21,8 % çox), 1 milyard 258 milyon 160 min manatını Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (3,4 dəfə çox), 356 milyon 281 min manatını isə banklara verilmiş kreditlər (10,8 % az) təşkil edib.
2021-ci ildə AMB-nin öhdəlikləri 5,8 % artaraq 25 milyard 240 milyon 380 min manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 4 % artaraq 12 milyard 310 milyon 18 min manat, kredit təşkilatları qarşısında öhdəlikləri 2,3 dəfə artaraq 7 milyard 440 milyon 4 min manat, hökumət idarələri qarşısında öhdəlikləri 18,6 % azalaraq 4 milyard 4 milyon 637 min manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 3,3 dəfə artaraq 1 milyard 261 milyon 131 min manat olub.
İl ərzində qurumun balans kapitalı 27,9 % azalaraq 1 milyard 170 milyon 188 min manata düşüb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.