Azərbaycan Mərkəzi Bankı (AMB) “Greentek Group” MMC-yə və “Payriff” QSC-yə elektron pul təşkilatı, “Fizza Pay” və “Kabox” MMC-lərə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
Bu barədə "Report" AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.
AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis”, "PulPal" və "K Group" MMC-lərə, "GoldenPay" ASC-yə və “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris”, “Multi Solutions”, “M.A.X Sistemləri Plyus” və “Cibpay” MMC-lərə ödəniş təşkilatı, “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 21-ə çatıb.