Maliyyə Nazirliyi “İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasına (The Coalition of Finance Ministers for Climate Action) tamhüquqlu üzv qəbul edilib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
92 ölkənin maliyyə nazirlərinin üzv olduğu Koalisiya 26 beynəlxalq təşkilatla institusional tərəfdaşlıq edir və həmin beynəlxalq təşkilatlar maliyyə nazirlərinin iqlim dəyişikliyi ilə bağlı siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsində səylərini dəstəkləməkdə əsas texniki və məsləhətçi rolunu oynayırlar.
Bu ilin aprel ayında Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Yaz Toplantıları çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının 11-ci iclasında müşahidəçi statusunda iştirak edib.
Azərbaycanın COP ilə fəaliyyət istiqamətləri əksər hallarda üst-üstə düşən sözügedən Koalisiyada tamhüquqlu üzv kimi təmsil olunması ölkəmizin COP29 sədrliyinin hədəflədiyi nəticələrin əldə edilməsinə mühüm töhfə verəcək.
Koalisiya üzvlərinin növbəti görüşü gələn ay Vaşinqtonda IMF və Dünya Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçiriləcəkdir.Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 Konfransının “Maliyyə günü” çərçivəsində Koalisiyanın xüsusi iclasının keçirilməsi barədə də ilkin razılıq əldə olunub.