Azərbaycan Dövlət Neft Fondunun büdcəsində kəsir gözlənilmir

Azərbaycan Dövlət Neft Fondunun büdcəsində kəsir gözlənilmir ARDNF-in icraçı direktoru Fondun vəsaitlərinin də azalmayacağını bildirir
Maliyyə
10 May , 2016 12:50
Azərbaycan Dövlət Neft Fondunun büdcəsində kəsir gözlənilmir

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 2016-ci ilin sonuna azalması, Fondun büdcəsində isə kəsirin yaranması gözlənilmir. Bunu "Report"a açıqlamasında ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Bu ilin I rübündə Dövlət Neft Fondunun ümumi vəsaitləri 2% artıb. Əgər proqnozlarımızla ilin sonuna təsdiq olunmuş büdcəyə uyğun olaraq, defisitlə bitirməli idiksə, artıq qiymətin müəyyən artımı göstərir ki, ilin sonuna yəqin ki, Neft Fondunun vəsaitləri azalmayacaq, yəni kəsir olmayacaq", - deyə Ş.Mövsümov qeyd edib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 023,1 mln. manat, büdcə xərcləri isə 1 946,7 mln. manat təşkil edib. Cari ilin aprelin 1-nə Fondun aktivləri ilin əvvəlinə (33 574,1 mln. dollar) nisbətən 2% artaraq 34 246,0 mln. ABŞ dollarına çatıb.

Azərbaycan Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanı ilə Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə edilmiş dəyişikliklərə əsasən, Fondun builki büdcə gəlirləri 6 711,564 mln. manatdan 4 578,475 mln. manata qədər azaldılıb, büdcə xərcləri isə 8 181,4 mln. manatdan 10 668,934 mln. manata qədər artırılıb.

Xatırladaq ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanması zamanı xam neftin baza qiyməti 25 dollar/barel götürülüb. Hazırda Azərbaycan neftinin bir barelinin qiyməti 44,7 dollara bərabərdir.

Son xəbərlər

Orphus sistemi