Azərbaycan bankları I yarımildə “Bloomberg”də 17 milyard manatlıq əqd bağlayıb
- 15 avqust, 2023
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında “Bloomberg” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada Azərbaycan banklar arasında 16,6 milyard manat məbləğində 1 536 ədəd əqd bağlanılıb.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”na istinadən xəbər verir.
Məlumata görə, bu əməliyyatların 94,5%-i 1-3 günlük olub.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq faiz dəhlizinin parametrlərinin banklararası bazarda faizlərə yüksək təsiri müşahidə olunub. Belə ki, verilən pul siyasəti qərarlarının təsiri ilə 1 günlük əməliyyatlar üzrə orta faiz ötən ilin sonu ilə müqayisədə 1,76 faiz bəndi yüksəlib.
Hesabat dövründə təminatlı pul bazarı seqmentində də fəallıq müşahidə olunub. Belə ki, yarımil ərzində banklararası REPO bazarında 1,4 milyard manatlıq 374 əqd bağlanılıb.
AMB-nin emissiya etdiyi notlar REPO bazarında təminat qismində istifadə olunmaqla banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərib. Dövr ərzində banklararası REPO əməliyyatlarının say baxımından 50%-i, məbləğ baxımından isə 31%-i AMB-nin notları əsasında bağlanıb.