İlkin məlumata görə, bu ilin oktyabr ayında avrozonada illik inflyasiya sentyabr ayı ilə müqayisədə 0,7 faiz bəndi artaraq 3,4%-dən 4,1%-ə çatıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi ("Eurostat") məlumat yayıb.
Məlumata görə, bu, 2008-ci ilin iyul ayında qeydə alınmış maksimumun yenilənməsidir.
Bu ay avrozonada ən yüksək illik inflyasiya 23,5%-lə enerji sektorunda qeydə alınıb. Onu 2,1%-lə xidmətlər, 2%-lə sənaye məhsulları, qida, spirt və tütün məmulatları izləyib.
Hesabat dövründə avrozonada ən yüksək illik inflyasiya Litvada (8,2%), Estoniyada (7,4%), İspaniyada (5,5%) və Belçikada (5,4%) qeydə alınıb.
Avropa Mərkəzi Bankının rəhbəri Kristina Laqard bildirib ki, qitə ölkələrində inflyasiya bu ilin sonuna qədər sürətlənməkdə davam edəcək, gələn ildən isə yavaşlayacaq.