ARDNF investisiya portfelində Avropa ölkələrinin payını artırıb

Maliyyə
  • 21 oktyabr, 2021
  • 14:03
ARDNF investisiya portfelində Avropa ölkələrinin payını artırıb

Bu il oktyabrın 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 30,7 %-i 1 ilə qədər, 31,5 %-i 1 ildən 3 ilə qədər, 15,8 %-i 3 ildən 5 ilə qədər, 22 %-i isə 5 ildən artıq müddətə yerləşdirilib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Bu rəqəmlər ötən il oktyabrın 1-də müvafiq olaraq 33,2 %, 33,9 %, 20,8 % və 12,1 % təşkil edib.

Hesabat tarixinə ARDNF-in investisiyalarında Avropa ölkələrinin payı 30,02 %, Asiya-Sakit Okean regionu ölkələrinin payı 21,23 % olub. Bu rəqəmlər ötən ilin sentyabrın sonuna müvafiq olaraq 29,37 % və 35,53 % təşkil edib.

Digər regionlardan Şimali Amerikanın payı 26,62 %-dən 26,71 %-ə, Avstraliya və Yeni Zelandiyanın payı 1,09 %-dan 1 %-ə, Yaxın Şərq regionunun payı 1,05 %-dən 0,68 %-ə, Cənubi Amerika regionunun dəyişməz qalaraq 0,04 % təşkil edib.

İl ərzində ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 61,55 %-dən 59,86 %-ə düşüb. İnkişaf etməkdə olan ölkələrin payı isə 32,15 %-dən 19,82 %-ə düşüb, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,3 %-dan 7,51 %-yə qalxıb. Qalan 12,81 %-lik pay isə qızıla aiddir.