Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2050-ci ilə qədər işlənməsi üzrə yeni müqavilə çərçivəsində 450 milyon ABŞ dolları məbləğində səkkizinci bonus tranşını alıb.
Bu barədə “Report”a Fonddan məlumat verilib.
"Bu müqavilənin şərtlərinə əsasən, 2018-2025-ci illərdə ARDNF ümumilikdə 3,6 milyard ABŞ dolları (hər il 450 milyon ABŞ dolları) məbləğində bonus almalı idi. 450 milyon ABŞ dolları məbləğində səkkizinci, sonuncu bonus tranşı bu həftə fondun hesabına daxil olub", - ARDNF-dən bildirilib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2050-ci ilə qədər işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,655 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,925 %) pay sahibidir.