“Anglo-Asian Mining” şirkətinin pul vəsaitlərinin həcmi azalıb
- 15 oktyabr, 2021
- 12:09
Bu ilin üçüncü rübünün sonuna Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin pul vəsaitlərinin həcmi 30,9 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin üçüncü rüb üçün hazırladığı hesabatında qeyd olunub.
Hesabata əsasən, şirkətin pul vəsaitlərinin həcmi 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 5,7 milyon ABŞ dolları və ya 15,6 % azdır.
Məlumata görə, ötən ilin üçüncü rübündə şirkətin pul vəsaitlərinin həcmi 36,6 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.