"Anglo-Asian Mining” gələn ay səhmdarlarına dividend ödəyəcək
- 24 sentyabr, 2021
- 08:47
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti səhmdarlarına hər bir səhm üçün ödəyəcəyi aralıq dividendlərin tarixi və həcmini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə şirkətin I yarımillə bağlı hesabatında qeyd olunub.
Hesabata əsasən, Böyük Britaniya şirkəti səhmdarlarına hər bir səhm üçün 4,5 ABŞ senti dividend ödəyəcək. Dividendlərin ödənilməsinə isə bu ilin oktyabrın 8-dən başlanılacaq.
Məlumata görə, şirkətin İdarə Heyəti 2021-ci il üçün oktyabrın 8-də səhm reyestrində olan səhmdarlara hər adi səhm üçün 4,5 ABŞ sentindən aralıq dividend ödənilməsini tövsiyə edib. Ötən ilin altı ayı ilə müqayisədə bu göstərici dəyişməyib.
Şirkətin vergiyəqədərki mənfəəti 5,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk altı ayı ilə müqayisədə 2 dəfə azdır.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.