AMFA: "Xarici investorların ölkəmizə marağı bərpa olunmağa başlayıb"

AMFA: "Xarici investorların ölkəmizə marağı bərpa olunmağa başlayıb" Xarici investorların Azərbaycanın mikromaliyyə sektoruna marağı bərpa olunmağa başlayıb.
Maliyyə
23 Yanvar , 2023 17:13
AMFA: Xarici investorların ölkəmizə marağı bərpa olunmağa başlayıb

Xarici investorların Azərbaycanın mikromaliyyə sektoruna marağı bərpa olunmağa başlayıb.

Bunu “Report”a açıqlamasında "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva bildirib.

Onun sözlərinə görə, bu qənaətə ötən il xarici investorlarla keçirilən görüşlərdən sonra gəliblər.

"Hazırda xarici investorlarla danışıqları davam etdiririk və inanırıq ki, keçən ildən sektora göstərilən ilkin maraqlar artıq tətbiqi müstəviyə keçəcək və üzvlərimiz xarici investorlardan nəinki xarici valyutada, həm də yerli valyutada resurs cəlb edə biləcək. Ümumiyyətlə 2015-ci ilə qədər qədər mikromaliyyə təşkilatları xarici donorlarla daha çox xarici valyuta ilə işləyirdilər, indi isə hedc olunmuş resurslara və yaxud dövlət fondları kimi yerli mənbələrə daha çox üstünlük verirlər, bunun üçün Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə də əməkdaşlıq etməkdə maraqlıdır. Hazırda sektor AKİA ilə əməkdaşlıq edir, SİF-lə isə danışıqlar gedir. Bu qurum da bizimlə sıx işləməkdə maraqlıdır, amma onlarda müəyyən qaydalar dəyişib", - deyə AMFA rəsmisi qeyd edib.

J.Hacıyevanın sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) da mikromaliyyə sektorunun canlanması istiqamətində lazımi addımlar atır: "2022-ci ildə AMB ilə mikromaliyyə təşkilatları arasında daha sıx əməkdaşlıq oldu, BOKT-ların çətinliklərinə dair bir neçə görüş keçirildi, müzakirələr aparıldı, qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi ilə bağlı pozitiv danışıqlar baş tutdu. AMB-nin maliyyə resurslarına çıxışın asanlaşdırılması ilə bağlı İşçi Qrupla əməkdaşlıq edirik. AMB-də maliyyə inkluzivliyi ilə bağlı daha bir İşçi Qrup formalaşıb. Bu ildən BOKT-lar bu İşçi Qrupla da əməkdaşlıq edir. Bunları çox müsbət dönüş hesab edir, düşünürük ki, qanunvericilikdə maliyyə əlçatanlığı və maliyyə intensivliyinin artırılması istiqamətində yeni qərar veriləcək. Gözləyirik ki, cari ildə qanunvericilikdə yeni dövrə uyğunlaşmağı təşviq edən dəyişiklik tətbiq olunacaq. Hazırkı qanun 13 il əvvəl qəbul edilib. O vaxtdan bu günə kimi dünyada rəqəmsallaşma gedib. Bizdə isə qanunvericilik hələ ki, BOKT-ların nağdsız kreditlər verməsinə icazə vermir. İndiyə kimi BOKT-lar banklardan asılı vəziyyətdədir.. övcud qanunvericilik BOKT-lara birbaşa öz müştərilərinə xidmət etməyə imkan vermir. Cari ildən gözləntimiz odur ki, BOKT-lar rəqəmsal dövrdə öz müştərilərinə birbaşa xidmət göstərmək imkanı qazana biləcəklər. Çünki danışıqlar müsbət istiqamətdə gedib, ümidvarıq ki, bu il dəyişiklik olacaq. Qanunvericilikdə dəyişiklik olsa, BOKT-ların fəaliyyəti ilə bağlı daha çox yeniliklər gözləmək olar".

“Mikromaliyyə təşkilatlarının kredit portfeli daha çox maliyyə resurslarının cəlb edilməsindən asılıdır. Tələbat böyükdür. Sadəcə bu tələbatı qarşılamaq üçün ucuz maliyyə resurslarına ehtiyac var. Çünki maliyyə sektorunda rəqabət mövcuddur. Bankların resurs əldə etmək imkanları daha çoxdur. Resurslar nə qədər ucuz cəlb edilərsə, kreditlər də müştəri üçün o qədər əlverişli olur. Hazırda BOKT-ların kredit portfelinin keyfiyyəti yaxşıdır. Beynəlxalq praktikaya görə mikromaliyyə təşkilatlarında risk portfelinin həcminin 5 %-ə qədər olması normal sayılır. Azərbaycanda bu göstərici 1,5 % civarındadır”, -deyə J.Hacıyeva əlavə edib.

Son xəbərlər

Orphus sistemi