AMB: "Bank sektorunun kredit risklərində azalma müşahidə edilir"

AMB: "Bank sektorunun kredit risklərində azalma müşahidə edilir" Kredit təşkilatlarının kredit portfelinin keyfiyyəti ilə bağlı məlumatlar aylıq əsasda Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində açıqlanır.
Maliyyə
146
31 Avqust , 2021 15:43
AMB: Bank sektorunun kredit risklərində azalma müşahidə edilir

"Kredit təşkilatlarının kredit portfelinin keyfiyyəti ilə bağlı məlumatlar aylıq əsasda Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində açıqlanır. Son statistikaya əsasən, 31 iyul 2021-ci il tarixinə kredit təşkilatlarının vaxtı keçmiş kreditlərinin həcmi 937,5 milyon manat olmaqla cəmi kredit portfelinin 6,1 %-ni təşkil edib. Müqayisə üçün qeyd edək ki, müvafiq əmsal 2020-ci ilin sonuna 6,14 %, 2020-ci ilin müvafiq dövrünə isə 7,28 % təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərici 1,18 faiz bəndi, 2020-ci ilin sonu ilə müqayisədə isə 0,04 faiz bəndi azalıb".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.

Açıqlamada qeyd olunub ki, ötən dövr ərzində prudensial tənzimləmə bazasının, o cümlədən kredit risklərinin idarə edilməsi üzrə requlyativ tələblərin qabaqcıl beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, habelə bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində bank sektorunun kredit risklərində azalma müşahidə edilib.

"Koronavirus (COVID-19) pandemiyasının bütün dünyada olduğu kimi ümumilikdə iqtisadiyyata və maliyyə sektoruna təsirləri hələ də qalmaqdadır və bununla əlaqədar, səlahiyyətli qurumlar, o cümlədən Mərkəzi Bank tərəfindən zəruri monitorinq və dəstək tədbirləri davam etdirilir. Belə ki, 2020-ci ilin aprel ayından başlayaraq, Mərkəzi Bank tərəfindən pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlarla yanaşı, ümumilikdə maliyyə sektoruna, o cümlədən kredit təşkilatlarına münasibətdə dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş, “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunub.

Maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Mərkəzi Bank requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirmiş və siyasət qərarları qəbul edib.

Sözügedən tədbirlərin davamı olaraq cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyənin müddəti 1 oktyabr 2021-ci il tarixinədək uzadılıb. Eyni zamanda, kontr-tsiklik kapital buferi ilə əlaqədar requlyativ güzəştin tətbiqi müddətinin 1 yanvar 2022-ci il tarixinədək uzadılması qərara alınıb", - Mərkəzi Bankdan bildirilib.

Son xəbərlər

Orphus sistemi