Azərbaycanda bank sektorunun kapital adekvatlığının baza ssenari üzrə 2025-ci ildə 20,3 %-ə, 2026-cı ildə isə 22,9 %-ə çatması gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilib.
Sənəddə deyilir ki, stres-test nəticələrinə əsasən bank sektorunun mövcud kapital buferi potensial itkiləri absorbsiya etmək potensialındadır.
“Pessimist ssenaridə isə bank sektorunun kapital adekvatlılığı əmsalı 2025-ci və 2026-cı illərdə müvafiq olaraq 1,7 faiz bəndi və 0,9 faiz bəndi azalaraq 15,6 % və 14,7 % təşkil edəcək. Bütövlükdə, stres-test nəticəsində bank sektoru müəyyən həddə kapital eroziyasına məruz qalsa da, sektorun kapital adekvatlığı minimum normativləri üstələyir.
Stress test nəticələrinə əsasən bankların kapital adekvatlılığına əsas təsir kanalları kredit riski və risk üzrə ölçülmüş aktivlərin artması təşkil edib. Belə ki, 2025-ci ildə kredit riski kanalı 2,7 faiz bəndi, risk üzrə ölçülmüş aktivlər isə 1,5 faiz bəndi kapital adekvatlığına azaldıcı təsir göstərib". - deyə hesabatda qeyd olunub.