Akşın Cahangirov: "Azərbaycanda əmanətlərin sığortalı hissəsi beynəlxalq tələbdən iki dəfə çoxdur"

Akşın Cahangirov: "Azərbaycanda əmanətlərin sığortalı hissəsi beynəlxalq tələbdən iki dəfə çoxdur" Hazırda Azərbaycan banklarında 10,1 milyard manata yaxın qorunan əmanət yerləşdirilib.
Maliyyə
27 Mart , 2023 15:03
Akşın Cahangirov: Azərbaycanda əmanətlərin sığortalı hissəsi beynəlxalq tələbdən iki dəfə çoxdur

Azərbaycanda sığortalı əmanətlərin ümumi əmanət portfelində payı beynəlxalq təhlükəsizlik tələbini iki dəfə üstələyir.

Bu barədə "Report"a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov deyib.

"Beynəlxalq təcrübədə fiziki şəxslərin ümumi əmanətlərinin 20 %-nin tam sığortalı olması təhlükəsizlik baxımından ideal limit sayılır. Azərbaycanda bu rəqəm 41,2 %-dir. Hazırda Azərbaycan banklarında 10,1 milyard manata yaxın qorunan əmanət yerləşdirilib. Onun 64,5 %-i manatla, qalan hissəsi isə xarici valyuta ilə yerləşdirilən əmanətlərdir. Qorunan əmanətçilərin 99,9 %-nin əmanəti tam məbləğdə, qorunan əmanətlərin isə 47,8 %-i tam olaraq sığortalanıb", - deyə A.Cahangirov əlavə edib.

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunda təsbit edilmiş qorunan əmanət və sığortalanmış əmanət anlayışları fərqli anlayışlardır. Yerləşdirilmiş əmanətin qorunan əmanət hesab edilməsi üçün milli valyutada olan əmanət üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 %, xarici valyuta olan əmanət üzrə isə 2,5 % müəyyən edilib. Amma bu şərtə əməl edilməklə yerləşdirilmiş əmanətin ümumi məbləğinin nə qədər olmasından asılı olmayaraq 100 min manata qədər olan hissəsi sığortalı əmanət hesab edilir. Məsələn, əmanətçinin hər hansı bankda yuxarıda qeyd edilmiş illik faiz dərəcəsi hədləri nəzərə alınmaqla yerləşdirilmiş 150 min manat əmanəti varsa, əmanət bütövlükdə qorunan, 100 min manatı isə sığortalanmış əmanət hesab edilir. Yəni sığorta hadisəsi baş verəcəyi təqdirdə əmanətin kompensasiya edilən hissəsi 100 min manat təşkil edəcək.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi