EBRD 2021-ci ildə üzv ölkələrin iqtisadiyyatlarında 4,2%-lik artım proqnozlaşdırır

EBRD 2021-ci ildə üzv ölkələrin iqtisadiyyatlarında 4,2%-lik artım proqnozlaşdırır Avropa İnkişaf və Yenidənqurma Bankı (AYİB) proqramlar həyata keçirdiyi ölkələrin iqtisadiyyatında 2021-ci ildə 4,2%-lik artım proqnozlaşdırır.
Maliyyə
29 İyun , 2021 16:47
EBRD 2021-ci ildə üzv ölkələrin iqtisadiyyatlarında 4,2%-lik artım proqnozlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) proqramlar həyata keçirdiyi ölkələrin iqtisadiyyatında 2021-ci ildə 4,2%-lik artım proqnozlaşdırır.

Report” xəbər verir ki, bu barədə EBRD-in "Regional İqtisadi Perspektivlər” (Regional Economic Prospects) hesabatında qeyd olunub.

Sənəddə bazarları formalaşmaqda olan 38 dövlətdəki vəziyyət tədqiq edilir. Bankın ötən ilin sentyabrında dərc edilmiş hesabatında artımın 3,6% olacağı proqnozlaşdırılırdı.

EBRD-in məlumatına görə, pandemiyadan güclü zərər görmüş sənaye və pərakəndə ticarət kimi sahələrdə artım iqtisadi bərpaya öz töhfəsini verir.

EBRD-in proqnozlarına görə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı 2022-ci ildə də fəal şəkildə inkişaf etməkdə davam edəcək. Bu baxımdan artımın 3,9% təşkil edəcəyi gözlənilir.

Proqnozların yaxşılaşmasına baxmayaraq, EBRD-in baş iqtisadçısı Beata Yavorçik əmindir ki, pandemiya səbəbindən qeyri-müəyyənlik riski hələ də çox yüksəkdir.

Yavorçikin fikrincə, regionlarda formalaşan vəziyyət çox fərqlidir. Məsələn, mal ixracatının bərpası sayəsində Mərkəzi Avropa və Baltikyanı ölkələrin nəticələri yaxşı olub. İqtisadi rifahı əsasən turizmdən asılı olan digər ölkələr isə çox ağır zərər görüblər.

Bankın iqtisadçıları qeyd edirlər ki, iqtisadiyyatların maliyyə stimulları bir çox ölkələrdə dövlət borcunun orta hesabla ÜDM-in 11% bəndi səviyyəsinə çatmasına gətirib çıxarıb.

Vəziyyəti region və ölkələr üzrə ayrı-ayrılıqda təhlil etsək görərik ki, 2021 və 2022-ci illərdə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistan) orta artım tempi 4,5% təşkil edəcək. Bankın ekspertləri ən yüksək artımın (6,6%) Qırğızıstanda qeydə alınacağını gözləyirlər.

EBRD-in proqnozlarına görə, Mərkəzi Avropa və Baltikyanı ölkərdə (Macarıstan, Latviya, Litva, Polşa, Slovakiya, Sloveniya, Xorvatiya, Çexiya və Estoniya) ÜDM bu il 4,8%, 2022-ci ildə isə 4,6% artacaq.

Şərqi Avropa və Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) iqtisadiyyatlarının bu il 2,8%, 2022-ci ildə isə 3% artacağı gözlənilir.

Cənub-Şərqi Avropa ölkələrində (Bolqarıstan, Yunanıstan, Rumıniya) orta artım tempinin 2021-ci ildə 5,2%-ə çatacağı, 2022-ci ildə isə 5%-ə düşəcəyi gözlənilir. Bank Orta Aralıq dənizi regionunun cənub və şərq ölkələrində orta hesabla 3,5%, daha sonra isə 4,6% artım proqnozlaşdırır.

EBRD Qərbi Balkan ölkələrində (Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Serbiya, Monteneqro və tanınmamış Kosovo) əvvəlcə 5,1%, daha sonra isə 3,8% artım gözləyir. Türkiyə iqtisadiyyatı 2021-ci ildə 5,5%, 2022-ci ildə isə 4% artmalıdır.

Son xəbərlər

Orphus sistemi