ADB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb

ADB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,2 % səviyyəsində proqnozlaşdırır ki, bu da əvvəlki qiymətləndirmədən 0,4 faiz bəndi yüksəkdir.
Maliyyə
9 aprel 2025 08:52
ADB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,2 % səviyyəsində proqnozlaşdırır ki, bu da əvvəlki qiymətləndirmədən 0,4 faiz bəndi yüksəkdir.

Bu barədə “Report” Bankın məlumatlarına istinadən xəbər verir.

ADB 2026-cı ildə ölkədə inflyasiyanın 3,5 %-ə düşəcəyini gözləyir.

ADB-nin ekspertləri hesab edirlər ki, 2025-ci ildə Azərbaycanda inflyasiyanın sürətlənməsinə qiymətləri tənzimlənən məhsulların, xüsusilə yanacağın bahalaşması təsir edəcək.

“2024-cü ilin iyununda yanacağın tənzimlənən qiymətlərinin artırılması daxili qiymətlərə hələ də təzyiq göstərir. İnflyasiyanın əlavə amili 2025-ci ilin yanvarında su, elektrik enerjisi və bir sıra digər kommunal xidmətlər üzrə tariflərin artırılması olub”, - hesabatda qeyd olunub.

Azərbaycan Mərkəzi Bankı inflyasiyanı hədəf dəhlizi (4±2%) çərçivəsində saxlamaq məqsədilə 2024-cü ilin mayından əsas faiz dərəcəsini 7,25 % səviyyəsində saxlayır.

Hesabata görə, 2025-ci ildə qiymətlərin səviyyəsinə əlavə təzyiq qlobal miqyasda mümkün tarif siyasətinə dair dəyişiklikləri ilə bağlı idxal qiymətlərinin artmasına səbəb ola bilər:

“Azərbaycanda 2026-cı ildə inflyasiyanın yavaşlayacağı gözlənilir. Buna daha əvvəl artırılmış inzibati qiymətlərin təsirinin zəifləməsi, həm də iqtisadi artım tempinin azalması səbəb olacaq”.

Müqayisə üçün qeyd edək ki, bankın proqnozlarına görə, Qafqaz və Mərkəzi Asiya ölkələrində inflyasiya 2025-ci ildə 6,9 %, 2026-cı ildə isə 5,9 % təşkil edəcək.

Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, ölkədə orta illik inflyasiya 2025-ci ildə 4,6 %, 2026-cı ildə isə 4 %-ə düşəcək. Azərbaycan Mərkəzi Bankı cari ilin yanvarında 2025-ci ildə inflyasiyanı 5,5 %, 2026-cı ildə isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın 2025-ci ildə 3,6 %, 2026-cı ildə isə 3,1 % təşkil edəcəyini gözləyir. Dünya Bankı ölkədə orta illik inflyasiyanı hər iki il üçün 2,3 % səviyyəsində qiymətləndirir.

Beynəlxalq reytinq agentlikləri də mülayim proqnozlar verir: “S&P Global” 2025-ci ildə 4 %, 2026-cı ildə isə 3 % gözləyir, oxşar proqnozu “Moody's” agentliyi də dərc edib.

Azərbaycanda 2024-cü ildə orta illik inflyasiya 2,2 % təşkil edib, 2025-ci ilin yanvar-fevral aylarında isə 5,4 %-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi