"AFB Bank"ın aktivləri 3% azalıb

Maliyyə
  • 02 fevral, 2017
  • 07:57
AFB Bankın aktivləri 3% azalıb

Bakı. 2 fevral. REPORT.AZ/ “AFB Bank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 300,446 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,68% azdır.

“AFB Bank”ın aktivlərinin təxminən 75%-ni və yaxud 225,399 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 34,26% böyüyüb.

Bankın vaxtı keçmiş kreditləri isə 28,733 mln. manat və yaxud onun kredit portfelinin 12,75%-i qədər olub. 

2016-cı ildə “AFB Bank”ın cəmi öhdəlikləri 5,62% azalaraq 219,312 mln. manat, o cümlədən depozit portfeli 32,22% azalaraq 96,724 mln. manat təşkil edib. Bunun 7,031 mln. manatı əhalinin əmanətləri, yəni fiziki şəxslərin müddətli depozitləridir.

Bank Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərini isə 0 səviyyəsində saxlamaqda davam edir.

Ötən il kredit təşkilatının cəmi kapitalı isə 6,24% artaraq 81,134 mln. manata çatıb.

Hesabat dövründə “AFB Bank”ın faiz gəlirləri 17,854 mln. manat (2015-ci ilə nisbətən 7,13% artım), faiz xərcləri 2,818 mln. manat (10% azalma), qeyri-faiz gəlirləri 18,488 mln. manat (56,28% artım), qeyri-faiz xərcləri isə 11,018 mln. manat (2,02% azalma) təşkil edib. Beləliklə, Bankın xalis əməliyyat mənfəəti 22,505 mln. manat olub. Bu isə əvvəlki illə müqayisədə 59,38% çoxdur.

“AFB Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 19,145 mln. manat yönəldib, 806 min manat isə mənfəət vergisi ödəyib. Son nəticədə Bank 2016-cı ili 2,554 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 11,64% çoxdur.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.