Dekabrın 16-da Bakıda ləğv prosesində olan “AGBank” ASC-nin Kreditorlar Komitəsinin ilk iclası keçirilib.
Bu barədə “Report”a Komitənin sədri seçilmiş hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında təşkil olunub. İclasda 19 000 kreditordan təxminən 30-u iştirak edib.
“İclas əsasən təşkilati xarakterli olub. Komitənin sədri mən, katibi isə vəkil həmkarım, II Qarabağ Müharibəsi qazisi Polad Cabbarlı seçilib. Amma hər ikimiz bu vəzifəni hələlik müvəqqəti icra edəcəyimizi bildirmişik. Çünki kreditorların əksəriyyəti iştirak etmir və onların da fikrini öyrənmək lazımdır”, - deyə Ə.Həsənov qeyd edib.
Onun sözlərinə görə, iclasda məlum olub ki, “AGBank”ın kredit portfeli 181 milyon manatdır. Bunun isə 249 milyon manatlıq təminatı, o cümlədən 180 milyon manatlıq daşınmaz əmlak təminatı var. Bunların arasında ən bahalı əmlak Bankın yerləşdiyi – Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 102a ünvanındalı “City Point Baku” iş mərkəzidir. Onun 70%-i “AGBank”a, qalan hissəsi isə başqa şəxslərə məxsusdur. Sonuncuların öz payları ilə bağlı Banka könüllü güzəşt edəcəyi gözlənilir. Daşınmaz əmlaklar hələlik satılmayıb, yalnız daşınar əmlaklar satılıb.
Bundan başqa, “AGBank”ın vəsaitləri 97 milyon manat, o cümlədən nağd vəsaitləri 5 milyon manatdır. ADIF qorunan əmanətlər üzrə 134 milyon manat ödəniş edib və bunun 40 milyon manatını və yaxud təxminən 30%-ni ödənilmiş kreditlərin hesabına geri qaytarıb. Kreditorların tələbi isə təxminən 88 milyon manatdır. Ötən il yarım ərzində Fond ləğv prosesinə 532 min manat sərf edib.
Kreditorlar Komitəsinin növbəti iclası yanvarın 21-də, saat 11:00-da eyni ünvanda keçiriləcək. Dekarın 21-də isə “NBC Bank” ASC-nin Kreditorlar Komitəsinin ilk iclası olacaq.