Adı könüllü, özü icbari olan sığorta

Maliyyə
  • 04 mart, 2022
  • 06:43
Adı könüllü, özü icbari olan sığorta

2021-ci ildə Azərbaycanda sığorta bazarının 69,5%-i könüllü formalaşıb.

Bunu Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta icmalına əsasən demək olar.

Belə ki, ötən il yerli sığortaçılar 843,9 milyon manat sığorta haqqı toplayıb ki,bunun da 586,6 milyon manatı könüllü sığorta növlərinin hesabına olub. Bununla belə, sığorta mütəxəssisləri deyir ki, adı könüllü olan bir çox sığorta növləri əslində icbaridir. Söhbət əsasən, avtomobil və daşınmaz əmlakın sığortalanmasından gedir. Ölkə vətəndaşları bu növ sığorta məhsullarını adətən bankların tələbi ilə alırlar. Təsir mexanizmi olmadan sığortalanmağa maraq isə aşağı səviyyədədir.

"Bankın sığortada öz marağı var"

"Report"a açıqlama verən sığorta bazarı üzrə ekspert Pərviz Quliyev bankların müştərilərini sığorta məhsulu almağa məcbur etməsini təbii sayır. Onun sözlərinə görə, müxtəlif növ əmlakların kreditlə satışını maliyyələşdirən və yaxud girov qoyulmuş əmlaklar əsasında kredit verən bankın sığortada öz marağı var: "Bank müştərilərinin deyil, özünün risklərini sığortalayır. Məsələn, müştəri kreditlə avtomobil almaq üçün banka müraciət edir. Bu zaman ondan tələb olunur ki, alınan avtomobilin könüllü (KASKO) sığortası olsun. Çünki sabah kreditdə olan avtomobillə qəza törədilsə və ona ziyan dəysə, kreditin ödənilməsində problem yarana bilər. Bu halda bank avtomobili müştəridən almalıdır. Bir var ki, həmin avtomobili vurulmuş vəziyyətdə olsun, bir də var ki, sığorta şirkətinin hesabına təmir edilmiş vəziyyətdə olsun. Odur ki, KASKO sığortası könüllü olsa da, əslində icbaridir".

"Sığorta olmasa, kredit verilməyəcək"

"Report"a açıqlama verən sığorta bazarı üzrə digər ekspert İlkin İbrahimov da deyir ki, banklar sığorta tələbi ilə bir növ müştərini özlərindən asılı vəziyyətə salır: "İnsanlar bilir ki, sığorta olmasa, kredit verilməyəcək, odur ki, məcburiyyət qarşısında qalaraq sığortaya üz tuturlar. Könüllü sığorta icbari sığortaya çevrilir".

"İnsanların sığortaya marağı artırılmalıdır"

Ekspertlərin fikrincə, KASKO və digər bu kimi könüllü sığorta məhsullarının təsir mexanizmi olmadan kütləvi satışına nail olmaq üçün insanların sığortaya marağı artırılmalıdır. "Azərbaycanda sığorta mədəniyyəti formalaşmalıdır. Bu da bir-iki ilin işi deyil. Məsələn, insanlar düşünməlidir ki, avtomobil hərəkətdə olduğu üçün daima yüksək risk altındadır. Hələ ki, bizim cəmiyyətdə könüllü sığortanın icbari sığorta qədər satılması real görünmür", - deyə P.Quliyev qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti