ADB Azərbaycana qlobal və rəqəmsal biznesin vergiyə cəlb edilməsini tövsiyə edir
- 02 avqust, 2024
- 14:36
Azərbaycanın vergi sistemində davamlı iqtisadi inkişafa mane olan əsas məhdudiyyətlər hələ də mövcuddur.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Azərbaycanda vergi siyasəti və inzibatçılığının potensialının gücləndirilməsi” adlı texniki yardım layihəsinin başa çatması ilə bağlı hesabatında deyilir.
“Son illərdə hökumətə dövlət vəsaitlərinin artımını təmin etmək üçün mümkün fiskal tədbirlərlə bağlı davamlı şəkildə tövsiyələr edilib. Bununla əlaqədar olaraq həm birbaşa, həm də dolayı vergitutma bazasının genişləndirilməsi və geniş yayılmış güzəştlərin azaldılması, o cümlədən rifah səviyyəsi daha yüksək olan şəxslər daha səmərəli vergiyə cəlb edilməklə vergi yığımına daha yaxşı riayət olunmasını təmin etmək üçün vergi inzibatçılığının təkmilləşdirilməsi təklif edilir”, - hesabatda bildirilib.
ADB analitiklərinin fikrincə, maliyyə xidmətlərinin, investisiyaların və ticarətin sürətli qloballaşması və rəqəmsallaşması vergi bazasına təsir edib:
“Vergi siyasəti və inzibatçılığı sahəsində islahat qlobal və rəqəmsal biznesin iqtisadi artıma uyğunlaşdırılmış ədalətli və davamlı vergiyə cəlb edilməsini təmin etməlidir. Bu baxımdan vergi siyasəti və inzibatçılığı sahəsində idarəetmə və potensial məsələlərini həll etmək üçün daha uzunmüddətli perspektivdə siyasi dialoqlar və məsləhətləşmələr davam etdirilməlidir”.
Hesabata görə, Azərbaycanda vergi daxilolmalarının ÜDM-ə nisbəti 2016-cı ildəki 11,6 %-dən 2017-ci ildə 9,9 %-ə, 2018-ci ildə isə 9,3 %-ə qədər azalıb ki, bu da Orta və Qərbi Asiyanın müqayisə oluna bilən ölkələri – Gürcüstanla müqaqyisədə 2017-ci ildəki göstəricidən 25,7 %, Qırğızıstanla müqayisədə 19,8 %, Asiya və Sakit Okean regionu ilə müqayisədə isə orta hesabla 17,3% azdır.
“Dövlət büdcəsinin neft gəlirlərindən asılılığı iqtisadiyyatı xarici şoklara qarşı həssas edib. Bu problemi qəbul edən hökumət diqqəti qeyri-neft sektorunda vergi siyasətinin və inzibati potensialın gücləndirilməsinə cəmləyib və bir sıra vergi islahatları həyata keçirib. 2019-cu ilin iyul ayında Azərbaycanda vergi inzibatçılığının potensialının daha ətraflı diaqnostik təhlili aparılıb”, - ADB qeyd edib.
Texniki yardım razılaşdırılmış sahələrin hər birində inzibatçılığı təkmilləşdirmək üçün təcrübə və proseslərin inkişafına kömək etmək və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) aşağıdakıları təmin etməklə davamlı vergi sisteminin inkişaf etdirilməsi məqsədlərinə dəstək olmaq üçün nəzərdə tutulub: vergi ödəyiciləri, xüsusilə sahibkarlar üçün müasir və təkmilləşdirilmiş xidmətlər; tələblərə əməl olunması xərclərinin azaldılması; sahibkarlıq fəaliyyətinin tənzimlənməsi üçün effektiv alətlər; ixtisaslı və peşəkar işçi qüvvəsi. Əhatə olunan sahələrə insan resurslarının idarə edilməsi, vergi ödəyicilərinin vergi qanunvericiliyinə əməl etməsi, vergi daxilolmalarının təhlili və modelləşdirilməsi daxildir.
Texniki yardım, həmçinin potensialın inkişaf etdirilməsi planlarının hazırlanmasını da dəstəkləyib.
Texniki yardım 600 min ABŞ dolları məbləğində nəzərdə tutulsa da, bu vəsaitin yalnız 498,757 min ABŞ dolları (83 %) istifadə olunub. Beləliklə, Koreya Respublikasının e-Asiya və Bilik Tərəfdaşlıq Fondunun (EAKPF) xətti ilə ayrılmış 500 min ABŞ dollarından 419,36 min ABŞ dolları istifadə edilib. ADB-nin Xüsusi Texniki Yardım Fondu (TASF) 100 min ABŞ dolları ayırıb ki, bunun da 79,4 min ABŞ dolları istifadə olunub.
ADB-nin qeyd etdiyi kimi, EAKPF layihəyə cəlb edilib, çünki bu texniki yardım vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, fiskal modelləşdirmə və işçi qüvvəsinin peşəkarlaşdırılması üzrə Dövlət Vergi Xidmətinin potensialının artırılması üçün e-Asiya və bilik tərəfdaşlığı proqramlarının məqsədlərinə uyğundur. 2022-ci ildə layihə diqqətin beynəlxalq vergi siyasəti və inzibatçılığının gücləndirilməsinə cəmləşdirilməsi məqsədilə genişləndirilib.