"Accessbank" "Adamlar və siçanlar" tamaşasına dəstək verib
- 01 mart, 2018
- 10:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 mart. REPORT.Az/ Gənc Tamaşaçılar Teatrında "Accessbank" QSC-nin baş sponsorluğu ilə Azərbaycanın əlil aktyorlardan ibarət ilk və yeganə teatrı olan ƏSA-nın "Adamlar və siçanlar" tamaşası nümayiş olunub.
"Report" xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, tamaşa məşhur amerikalı yazıçı Con Steynbekin əsəri əsasında hazırlanıb.
Tamaşadan öncə ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə “Accessbank”a da minnətdarlığını bildirib: "Accessbank ilə tərəfdaşlıq bizə zövq verdi. Sözün əsl mənasında, bank bizim hər qayğımıza qaldı. Ümid edirəm ki, bu cür münasibəti biz başqa təşkilatlardan da görəcəyik. İncəsənət sahəsinin hər bir kəsin dəstəyinə ehtiyacı var".
“Accessbank”ın İdarə Heyəti sədrinin I müavini Anar Həsənov da qeyd edib ki, Con Steynbek "Sıçanlar və adamlar" əsəri ilə dünyaya səs salıb, lakin ƏSA Teatrının kollektivi bu əsəri Azərbaycan xalqına sevdirə bilib: "Bir aktyor üçün bundan böyük nailiyyət ola bilməz. 2016-cı ilin sentyabr ayının 3-də fəaliyyətə başlayan ƏSA Teatrının heç 2 yaşı tamam olmayıb. Lakin bu teatr qısa müddət ərzində öz adını tamamilə doğruldaraq, əngəlsiz, sərhədsiz və azad teatr olduğunu sübüt etdi".
Onun sözlərinə görə, ƏSA Teatrını yaratmaq böyük bir cəsarət tələb edirdi: "Bu gün fiziki məhdudiyyəti olan insanlara qarşı münasibət birmənalı deyil. Buna baxmayaraq, bu kollektiv qarşısına məqsəd qoyub və öz məqsədlərinə doğru inamla irəliləyir. ƏSA Teatrının ən böyük nailiyyətlərindən biri də odur ki, bu şəxslər fiziki məhdudiyyəti olan bir çox şəxsə inanılmaz stimul verib, onları motivasiya edib. Fiziki məhdudiyyəti olan şəxslərə münasibət dəyişsə, biz əngəlsiz cəmiyyət qurmuş olacağıq. "Accessbank"ın böyük bir kollektivi var və bizim komandamızda xeyli sayda fiziki məhdudiyyəti olan şəxslər çalışır. Tam səmimiyyətlə deyirəm ki, onlar öz fəaliyyətində heç kimdən geri qalmır, hətta bir çox hallarda başqalarından daha yaxşı nəticələr göstərir".
Teatr kollektivinin böyük istedada malik olmasına diqqət çəkən Anar Həsənov onu da bildirib ki, ƏSA qədim ənənələrə malik olan teatr sahəsindəki stereotipləri qırmağa doğru gedir: "Mən ƏSA Teatrına teatr sənətimizin əsasına çevrilməyi arzu edirəm. Bu uzun yolda biz hamımız - həm tamaşaçılar, həm də incəsənət xadimləri bu teatrın kollektivinə dəstək olmalıyıq. Belə bir fikir var ki, bir aktyor tamaşaçı alqışı üçün yaşayır. Arzu edirəm ki, alqışsız tamaşanız, tamaşaçısız alqışınız olmasın. İnanıram ki, siz bu alqışların haqqını artıqlaması ilə verəcəksiniz".
Bundan sonra tamaşa təqdim edilib.