AAM 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb

Maliyyə
  • 16 yanvar, 2025
  • 15:12
AAM 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb

Böyük Britaniyanın “Anglo Asian Mining” şirkətinin (AAM, Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2024-cü il dekabrın 31-nə xalis borcu 14,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “Report” şirkətin məlumatına istinadən xəbər verir.

Ötən il şirkət 16,76 min unsiya qızıl ekvivalenti həcmində qiymətli metal hasil edib ki, bu da 2023-cü ilin göstəricisindən 1,9 dəfə azdır.

2024-cü il dekabrın 31-nə “Anglo Asian Mining” bazar dəyəri 4 milyon ABŞ dolları olan qiymətli metal ehtiyatlarına, o cümlədən qızıl və gümüş qarışıqlı xəlitə və mis konsentratına malik olub.

"AAM-in xalis borcu istehsalın qismən dayandırılması səbəbindən il ərzində 4,6 milyon ABŞ dolları artaraq 14,8 milyon ABŞ dolları təşkil edib", - məlumatda qeyd olunur.

Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir.

Hazırda ААМ Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olsa da, hələlik “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.