Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (EuroVolleyM 2026) təsnifat məshələsinin hazırlığına start verib.
"Report" xəbər verir ki, yığma komandanın baş məşqçisi Fərid Cəlalov təlim-məşq toplanışına 16 voleybolçu cəlb edib.
Məşqlər gündə iki dəfə olmaqla GİN-in Voleybol Mərkəzində təşkil olunur. Təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, millimiz təsnifat mərhələsində ilk matçını avqustun 17-də səfərdə Avstriya komandasına qarşı keçirəcək. Voleybolçularımız bir həftə sonra, avqustun 24-də Bakıda Belçika yığmasını qəbul edəcəklər. Təsnifat mərhələsinin formatına uyğun olaraq növbəti iki qarşılaşma 2025-ci ilin avqustunda baş tutacaq.
Seçmə mərhələdə 21 yığma 7 qrupda mübarizə aparacaq. Yekunda qrup qalibləri və 5 ən yaxşı qrup ikincisi olacaq kollektivlər Avropa çempionatında iştirak hüququ qazanacaqlar.