Valeriya Məmmədova: "Karyeramı ailəmə qurban verdim" - MÜSAHİBƏ

Valeriya Məmmədova: "Karyeramı ailəmə qurban verdim" - MÜSAHİBƏ "İndi yeni həyata başlamaq, özümü ailəmə, oğluma həsr etmək istəyirəm"
Komanda
25 Yanvar , 2018 17:57
Valeriya Məmmədova: Karyeramı ailəmə qurban verdim - MÜSAHİBƏ
Report

Bakı. 25 yanvar. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin və “Azərreyl” klubunun liberosu Valeriya Məmmədovanın “Report”a müsahibəsi

- “Azərreyl”in əvvəlki şöhrətini itirdiyi və yalnız brend kimi qaldığı fikri ilə razısınız?

- “Azərreyl” hər zaman brend olub. İndi müəyyən çətinliklər, dəyişikliklər var. Hazırda Azərbaycan çempionatında cəmi 4 komanda iştirak edir və onlar elə də güclü deyillər. Çünki indi çempionatın səviyyəsini qaldırmaq üçün vəsait çatışmır. “Azərreyl” həmişə öz markasını qoruyub. Mövsümün əvvəlində çətinliklə qarşılaşdıq. Bu da komandanın “Çağırış Kuboku”ndakı çıxışına mənfi təsir göstərdi. Oyunçular və normal hazırlıq prosesi yox idi. Komanda bu gün ən yaxşı formasında, statusunda deyil. Lakin növbəti mövsümdə voleybola daha çox diqqət və qayığı olacağını düşünürəm. İnanıram ki, vəziyyət düzələcək və əvvəlki kimi olacaq.

- Mövsümün əvvəlindəki çətinliklər nədən qaynaqlanırdı?

- Çətinliklər, ilk növbədə, maddi dəstəklə əlaqədardır. Yetərincə sponsor yoxdur. Hazırda iqtisadi böhran var və bu da bütün idman növlərinə təsirini göstərir. Ona görə də voleybolun səviyyəsi lazım olduğu qədər yüksək deyil.

- Hazırda vəziyyət necədir?

- Yeni oyunçular gəlib. Sabah Azərbaycan çempionatında ilk oyunumuzdur. Düşünürəm ki, “Azərreyl”in çempion olması üçün layiqincə çıxış edəcəyik. Hər şeyin yaxşı olacağına və yenidən Çempionlar Liqasına qatılacağımıza inanıram.

- “Çağırış Kuboku”nda məğlub olduğunuz Rumıniyanın “Stiinta” komandası elə də güclü rəqib deyildi. Uduzmağınız “Azərreyl”in zəifliyindən irəli gəlirdi, yoxsa başqa səbəblər vardı?

- “Azərreyl”in zəif olduğunu deməzdim. Bu, idmandır, bir gün udub, sabah uduza bilərsən. Oyun praktikasından çox şey asılıdır. Qızlarımız cavandır, yetərincə təcrübəyə malik deyillər. Yüksək səviyyədə çıxış etmək üçün oyun praktikası lazımdır. Bu gün isə çoxsaylı voleybolçumuz üçün böyük matçlarda oynamaq tezdir.

- Belə durumda “Azərreyl”də çıxış etmək üçün sizi nə motivasiya edir?

- “Azərreyl” hər zaman mənim üçün doğma klub olub. Bu komandada böyümüşəm və böyük uğurlar qazanmışam. Yaxşı və ya pis vaxtlarda “Azərreyl”də çıxış etmək mənim üçün cəlbedici olub. Ailəm burada - doğma şəhərimdədir. Ona görə də mənim üçün komandanın hansı durumda olmasının, hansı yarışda çıxış etməsinin, əldə edilən nəticələrin əhəmiyyəti yoxdur. “Azərreyl” mənim üçün ailə kimdir. Ailəni isə atmırlar.

- “Fənərbağça” və “Volero” kimi klublarda çıxış edərək titullar qazanmısınız. Ona görə də zəif voleybolçularla bir komandada çıxış etmək sizin üçün çətin olar...

- Xeyr, karyeram artıq sona yaxınlaşır. Mənə sakitlik və sabitlik lazımdır. Karyera haqda düşünmürəm. Lazım olanları əldə etmişəm, titullar qazanmışam və özümü sübut etmişəm. İndi normal məşq edir, yaşayıram. Ailəm buradadır. Böyük klublara can atmıram.

- Hələ də yüksək səviyyədə oynaya biləcəyinizi düşünmürsünüz?

- Oynaya bilərəm. Lakin indi mənim üçün hər şey normaldır. İstəsəydim, indi də ən yaxşı klubda çıxış edərdim.

- Təkliflər var?

- Əlbəttə.

- Azərbaycan çempionatında hansı komandanı əsas rəqibiniz hesab edirsiniz?

- İndidən kimin zəif, kimin güclü olduğunu söyləmək olmaz. Komandaların hamısı eyni səviyyədədir. Güclü rəqabət olacaq. Əlbəttə, “Azərreyl” təcrübəsinə, məşq prosesinə görə digərlərini qabaqlayır. Hazırda çempionatın favoriti biz sayılırıq.

- Çempionluqda sizə hansı rəqib mane ola bilər?

- “Abşeron” da yaxşı komandadır. Orada təcrübəli voleybolçular cəmləşib. Yanvarın 26-da AVF ilə qarşılaşacağıq. Orada da yaxşı gənc voleybolçular var. Əvvəlki səviyyə olmasa da, maraqlı yarış keçəcək.

- Düşünmürsünüz ki, mövcud şərtlər millinin dünya çempionatında yaxşı çıxış etməsinə mane olacaq?

- Yığmadakı karyeramı bitirmişəm.

- Nə zaman?

- Bu il Bakıda keçirilən Avropa çempiontından sonra.

- Ancaq bunu rəsmi şəkildə elan etməmisiniz...

- Bəli. Azərbaycan çempionatı başa çatandan sonra elan edəcəyəm. Cavanlara yol vermək istəyirəm, yoxsa yığmada bir oyun keçirmədən təqaüdə gedəcəklər (gülür - red.).

- Millidə sizi layiqincə əvəzləyəcək libero var?

- Həyatda əvəzolunmaz insan yoxdur. Oyunçu da həmçinin. Bu cür məsuliyyətli işi kimə tapşırsalar, öhdəsindən gələcək. Əvvəllər belə öhdəlik yox idi. Çünki mən vardım. İndi isə məni layiqincə əvəzləməyə, yığma üçün faydalı olmağa çalışacaqlar.

- Konkret olaraq, kimləri namizəd görürsünüz?

- Çoxlu sayda oyunçu var. Beş libero əsas heyətə düşmək üçün mübarizə aparacaq. Bunlar Oksana Kiselyova, Ceyran Əliyeva, Yuliya Kərimova, Leyla Parşkova və daha bir gənc xanımdır. Onlar hamısı eyni səviyyədədirlər. Güclü olan oynayacaq.

- Karyeranızı ailənizə qurban verdiyinizi söyləmək olar?

- Bəli, demək olar. Bu, mənim sonuncu mövsümümdür. Bütün həyatım voleybolla bağlı idi. İndi yeni həyata başlamaq, özümü ailəmə, oğluma həsr etmək istəyirəm. Hələlik bir övladım var.

- Sizdən əvvəl Azərbaycan millisinin bir çox aparıcı oyunçusu karyerasını bitirib. Bundan sonra yığmada kimlərə ümid edə bilərik?

- Çoxlu sayda maraqlı, lider ola biləcək voleybolçularımız var. Məsələn, Polina Rəhimova, Odina Bayramova, Fransa çempionatına çıxış edən Olena Həsənova, Yana Kulan və digərləri buna qadirdirlər. Yaxşı komandamız var. Millinin dünya çempionatında layiqincə çıxış edəcəyinə və yüksək yer tutacağına inanıram. Deməz olmaz ki, indi voleybol yoxdur.

- Daha çox legioner həyatı yaşayan voleybolçulara bel bağlaya bilərik?

- Bəli, əsas ümid onlaradır. Çünki çox güclü çempionatda çıxış edirlər. Yığmanın əsas heyət üzvləri ölkə xaricindədirlər.

- Klub səviyyəsində daha neçə il çıxış etməyi düşünürsünüz?

- Artıq yekunlaşdırıram (gülür). Cari mövümün sonunda voleybolçu karyeramı başa vuracağam. Hələ tam dəqiq deyil. Yayda qərar verəcəyəm. İndidən klub karyeramla bağlı qəti bir söz deyə bilmərəm.

Son xəbərlər

Orphus sistemi