Yeni mövsümdə əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır.
"Report" xəbər verir ki, bunu “Sumqayıt”ın yeni transferi Aleksey Kitayev klubun mətbuat xidmətinə açıqlamasında deyib:
Təcrübəli basketbolçu komandadakı ab-havadan və potensiallarından danışıb:
“Kollektiv daxilində əla atmosfer var. Yeni mövsüm ərəfəsində “Naxçıvan”a qarşı keçirdiyimiz hazırlıq oyunu yaxşı komanda olduğumuzu göstərdi. Güclü rəqibə layiqli müqavimət göstərdik. Təbii ki, bir neçə gün əvvəl keçirilən oyunda qalib gəlmək istəyirdik. Amma məğlubiyyətin də müəyyən səbəbləri var. Çünki təzə formalaşmışıq, bir-birimizlə çox oynamamışıq. Uyğunlaşmağa vaxt lazımdır. Komandanın üzvləri fərdi planda çox güclüdürlər”.
O, yeni mövsümdə “Sumqayıt”ın uğurlu çıxış edəcəyinə inanır:
“Təbii ki, əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır. İşlərimiz qaydasında getsə, çempionatın 4 ən güclü komandası sırasına da yüksələ bilərik. Bunun üçün oyundan-oyuna "artırmalıyıq". Artıq “Ordu” klubu ilə ilk oyunda nəyə qadir olduğumuzu göstərməliyik. Mövsümün ilk matçında sumqayıtlı basketbol həvəskarlarını Sumqayıt Olimpiya İdman Kompleksinə dəvət edirəm. Ümid edirəm ki, bu oyunda məhz onların dəstəyi ilə qalib gələcəyik”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə sabah start veriləcək.