Bakı. 30 iyul. REPORT.AZ/ Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Rusiyanın ağır atletika yığmasını 2016-cı il Olimpiadasında iştirakdan kənarlaşdırıb.
"Report" xəbər verir ki, bu barədə təşkilatın rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Qeyd olunur ki, IWF İcraiyyə Komitəsi məsələni diqqətlə araşdırıb, bununla yanaşı tədqiqata Maklaren komissiyasının hesabatından sənədlər də əlavə olunub.
"Tatyana Kaşirina və Anastasiya Romanova bundan əvvəl Rusiya Olimpiya Komitəsi tərəfindən kənarlaşdırılmışdı. Daha dörd idmançının adı Maklarenin hesabatında hallanıb", — deyə Federasiyanın məlumatında bildirilir.
IWF-də Rusiya ağırlıqqaldıranlarının statistikası "şokedici və kifayətləndirməyən" adlandırılıb və qeyd olunub ki, onlar (İdmançılar və Rusiyanın Ağır Atletika Federasiyası) özləri haqqında "şübhəli reputasiya" yaradıblar.
"İcraiyyə Komitəsi göstərilənləri nəzərə alaraq, Rusiya texniki nümayəndəsinin Olimpiya Oyunlarına təyinatının geri çağırılması barədə qərar qəbul edib", - deyə IWF-nin məlumatında bildirilir.