“V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərin əldə etikləri nəticələr bizi qane edir”.
"Report"un məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev deyib.
“V İslam Həmrəyliyi Oyunlarına Azərbaycan Güləş Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi tərəfindən hər bir şərait yaradılmışdı.
Bununla yanaşı həm güləş üzrə dünya çempionatına, həm də İslam Həmrəyliyi Oyunlarına hazırlıq gedirdi. Çünki 1 ay sonra bizi dünya çempionatı gözləyir. Buna görə də təlim-məşq toplantılarımızı həm İslam Həmrəyliyi Oyunlarına, həm də dünya çempionatı ilə bağlı aparırdıq”, - baş məşqçi qeyd edib.
“Yarışlara gəlincə, nəticələr qane edir. Amma bundan da yaxşı ola, digər idmançılarımız yaxşı çıxış edə bilərdi.
On çəkidə 8 medal əldə olunması həm federasiya, həm nazirlik, həm də Milli Olimpiya Komitəsi tərəfindən bəyənilir”, - Namiq Abdullayev vurğulayıb.
Baş məşqçi qarşıdakı planlardan danışıb.
“Bizi qarşıda güləş üzrə dünya çempionatı gözləyir. Çalışacağıq ki, İslam Həmrəyliyi Oyunlarındakı səhvləri aradan qaldıraq və dünya çempionatında daha yaxşı iştirak edək”, - N.Abdullayev əlavə edib.