Yuxarı

2024-cü il Olimpiadasının Los-Ancelesdə keçirilməsi 4,1 milyard dollara başa gələ bilər

İdman obyektlərinin hazırlanma xərcləri təqribən 713 mln. dollar təşkil edəcək

Bakı. 26 Avqust. REPORT.AZ/ 2024-cü ildə Olimpiya Oyunlarının Los-Ancelesdə keçirilmə xərcləri şəhər meriyasının qiymətləndirməsinə görə, 4,1 milyard dollar təşkil edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Los Angeles Times" nəşri yazıb.

İdman obyektlərinin hazırlanma xərcləri təqribən 713 milyon dollar təşkil edəcək. İnvestor vəsaitlərinin böyük hissəsi Olimpiya kəndinin inşasına sərf olunacaq. Tikintidə təşkilatçıların payı 75 mln. dollar təşkil edəcək. "NBC Univercal" studiyasının ərazisində yerləşəcək media mərkəzi 130 mln. dollara başa gələcək. Sponsor və investorların vəsaitlərini nəzərə almaqla hər iki obyektin hazır vəziyyətə gətirilməsi 1 mlrd. dollar təşkil edəcək.

Yarışların keçirilməsindən təxminən 4,7 mlrd. dollar vəsait əldə olunacaq. Bunun 1,5 mlrd. dolları Beynəlxalq Olimpiya Komitəsinin ayırdığı vəsait, 1,4 mlrd. dolları sponsorların vəsaiti və 1,1 mlrd. dolları bilet satışından əldə olunan gəlir olacaq.

Xərclərin artma ehtimalına görə ehtiyat fonduna 400 mln. dollar və sığorta üçün 150 mln. dollar ayrılıb.

Xalis gəlir 161 mln. dollar məbləğində qiymətləndirilir.

Los-Ancelesin şəhər şurası şəhərin ərizəsini çərşənbə günü nəzərdən keçirəcək ki, mer Erik Qarsetti Beynəlxalq Olimpiya Komitəsinə zəmanət verə bilsin.

Yanvarın əvvəlində ABŞ-ın Milli Olimpiya Komitəsi 2024-cü il Olimpiadasının keçirilməsinə namizəd kimi Bostonu seçmişdi. Lakin şəhər meri Marti Uolş bildirdi ki, əgər şəhərin ərizəsinin maliyyə dəstəyini vergiödəyiciləri hesabına təmin etmək lazım gələrsə, şəhər Oyunların keçirilməsi uğrunda mübarizə aparmayacaq.

Los-Anceleslə yanaşı ABŞ-dan namizədliyini irəli sürməyə San-Fransisko və Vaşinqton iddia edir. Ərizə verilişi 15 sentyabr 2015-ci ildən başlayacaq və 2016-cı ilin aprelinədək davam edəcək.

2024-cü il Oyunlarının keçirilmə yeri barədə qərar 2017-ci ildə qəbul olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi