Komandamızın həm hücum, həm də müdafiə potensialı çox yüksəkdir.
"Report" xəbər verir ki, bunu "Gəncə" basketbol komandasının baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis Bakıda keçirilmiş yoxlama oyunları ilə bağlı fikirlərini bölüşüb. O, başçılıq etdiyi kollektivin gücünü görmək baxımından bu matçların əhəmiyyətli olduğunu söyləyib:
“Paytaxt səfərində “Neftçi” və “Abşeron” komandaları ilə keçirdiyimiz yoldaşlıq görüşləri bizim üçün məhsuldar oldu. Onu deyim ki, komandamızın həm hücum, həm də müdafiə potensialı çox yüksəkdir. Hesabdan asılı olmayaraq, üzərində çalışdığımız oyun sxemini təkmilləşdirmək və daha da yaxşılaşdırmaq üçün iki əhəmiyyətli oyun keçirdik. Nəyi düzəltməli olduğumuzu müəyyən etdik. Çatışmazlıqlarımız və daha yaxşı etməli olduğumuz bacarıqlar üzərində işləməklə mövsümə ən yaxşı şəkildə başlayacağıq”.
Halil Atlı yeni oyunçuların potensialı barədə də danışıb:
“Komandamıza cəlb etdiyimiz basketbolçuların potensialı bizi qane edir. Birlikdə oynamağı öyrənirlər, bir-birlərini tanıyırlar. Hazırlıq matçları bir çox fərqli parametrləri görmək baxımından çox məhsuldar keçdi və oyunçularımız ilk dəfə bir-biri ilə matç mühitində oynadılar. Bizim komandanı gücləndirəcək və inkişaf etdirəcək hərtərəfli bacarığa malik oyunçu heyətimiz var”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.